Möhtəşəm yüz qırx il

 

Min bir məşəqqətlə mürəkkəb tarixi mərhələlərdən keçib bu günümüzə qələbə çələngi ilə yetişmiş Azərbaycan teatrının 140 illik formalaşma və inkişaf yolundan söz açarkən teatr prosesinin ilkin mərhələsindən, yəni teatr düşüncəsinin əski qaynaqlarından danışmamaq qeyri-mümkündür.

Milli teatr düşüncəmiz milli sənət təfəkkürünün ən dərin qatlarından qaynaqlanır, mifo-epik yaradıcılıqla üzvi şəkildə bağlıdır, ibtidai də olsa, poetika səciyyələrinə malikdir və canlı epik ənənənin vasitəsilə çağdaş milli sənət düşüncəsinin tərkibində qorunub.

Gördüyümüz kimi, Azərbaycan teatrının kökləri çox qədimdir. Qədim ayin və mərasimlər, oyun və rəqslər, kəndirbaz və dərvişlərin meydandakı çıxışları, eyni zamanda aşıq sənəti oxumaq, çalmaq, dialoq kimi teatr elementlərinə malik olub. “Kos-kosa”, “Qaravəlli”, “Kosa-gəlin”, “Tapdıq çoban”, “Tənbəl qardaş”, “Kilimarası” və s. tamaşa növləri Azərbaycanda xalq teatrının mövcudluğuna dəlalət edir. XVI əsrdə xalq teatrı ilə yanaşı dini tamaşalar da (şəbihlər) yaranmağa başlayır. Ümumiyyətlə, mədəniyyətə və incəsənətə, teatr sənətinə, teatr düşüncəsinə, onun poetikasına güclü, hətta misilsiz təsir göstərən     ənənəvi   İslam mədəniyyətinin mənəvi dəyərlər sistemi mürəkkəb tarixi proseslərin gedişatını müəyyənləşdirib və aparıcı meyllərini təyin edib.

Azərbaycan milli sənət təfəkküründə özəl teatr düşüncəsi fenomeni olmasaydı, teatr heç bir inkişaf tarixi keçməsəydi və onun başqa sənət növləriylə genetik bağlılığı olmasaydı, çağdaş mədəniyyətimizdə milli teatr sənəti, onun poetikası və bədii-estetik nəzəriyyəsi yarana bilməzdi.

 

lll

 

Azərbaycanda dram və teatr sənətinin doğuluşu, inkişafı XIX əsrin əvvəllərində mümkün oldu. Azərbaycan milli teatr düşüncəsinin institussional mərhələsinin birinci pilləsi M.F.Axundzadənin dramaturji yaradıcılığından başlanır-bu danılmaz fakt teatrşünaslığımızın başlıca tezisidir. Milli sənət təfəkkürünün institussional qatında teatr bir təsisat kimi hələ yaranmamış, M.F.Axundzadənin altı komediyasında “olmayan” teatr üçün ədəbi örnək və onun poetikası yaradılmışdı.

Məlum olduğu kimi, mütərəqqi rus düşüncəsinin vasitəsilə dünya mədəniyyətinə yol açan M.F.Axundzadə xalqın mədəniyyətində və mənəvi tərbiyəsində teatr sənətinin misilsiz əhəmiyyətini dərk edərək təkbaşına institussional teatr düşüncəsini yaratmağa cəhd göstərdi.

Komediya janrına müraciət M.F.Axundzadə üçün konseptual poetika yaratmaq işində ən səmərəli, hər mənada əlverişli üsul və bəhanə oldu. Azərbaycan milli teatr düşüncəsi üçün klassik olan altı komediya yalnız komediya janrının deyil, vahid teatr poetikasının örnəyi, nümunəsi, konsepsiyası oldu. Görkəmli maarifçi, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadə öz məqsədinə-milli teatr təsisatını (institutunu) yaratmaq məqsədinə çatmasa da, milli mədəni təfəkkürümüzə haçansa açıq-aşkar hərəkətə gələn, törəyən və dəyişən tam yeni enerji növünü daxil etməyə müyəssər oldu. Onun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasının 1873-cü il martın 10-da Bakıdakı Realnı məktəbin şagirdləri tərəfindən oynanılması ilə Azərbaycan, həmçinin müsəlman Şərqində dünyəvi və peşəkar teatrın tarixi başlanır.

Beləliklə, 1873-cü ilin mart və aprel aylarında göstərilən “Lənkəran xanının vəziri” və “Mərdi-xəsis” tamaşaları ilə Azərbaycan teatrının, həm də M.F.Axundzadə pyeslərinin milli teatrımızda tarixi başlanır.

Bu gün həm küll halında götürdükdə Azərbaycan teatrının, həm də  1873-cü ildə doğuluşu qeydə alınmış və 1991-ci ildən Azərbaycan Akademik Milli Dram teatrı adını daşımağa başlamış Akademik Milli Dram Teatrının 140 illiyini təntənə ilə qeyd edirik.

Əsası 1897-ci ildə qoyulmuş, “Artistlər ittifaqı” adı ilə fəaliyyətə başlayan, daha sonra “Türk Aktyorlar İttifaqı” (1920), “Azərbaycan Teatr Cəmiyyəti” (1948) kimi öz fəaliyyətini davam etdirən bu cəmiyyət də 1987-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqı adlanır. Onu da qeyd edək ki, aktyor, rejissor, dramaturq və digər teatr peşələrinin  sahiblərini könüllülük əsasında birləşdirən, sələflərinin ənənəsini bu gün də layiqincə davam etdirən 115 yaşlı Teatr Xadimləri İttifaqı XIX əsrin sonlarında kiçik bir cəmiyyət kimi yola çıxan ictimai birliyin xələfidir. Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqı YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun və Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının həqiqi üzvüdür.

Bu il 1945-ci ildən etibarən Azərbaycan teatrları üçün istedadlı kadrlar yetişdirən, bünövrəsi 1923-cü ildə qoyulan Bakı Teatr məktəbinin əsasında yaradılan Dövlət Teatr İnstitutunun da-(hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir)-90 illik yubileyidir.

XX əsrin əvvəllərinə qədər mürəkkəb illər yaşayan peşəkar Azərbaycan teatrının institussionallaşma mərhələsinə keçidi güclənir. Bu prosesdə “Nicat” (1908-1918) və “Səfa” cəmiyyətlərinin rolu misilsizdir.

1900-1918-ci illərdə Bakıda oynanılan teatr tamaşaları Tağıyev (indiki Musiqili Komediya Teatrının binası) və Mayılov (indiki Opera və Balet Teatrının binası) teatrlarından başqa, çoxsaylı klublarda da göstərilirdi. 1919-cu ildən etibarən Tağıyev teatrı müxtəlif adlarla adlandırılırdı.

Heç şəksiz ki, keçən əsrin 90-cı illər dövrinə qədər möhtəşəm yol keçmiş Azərbaycan teatrı H.Zərdabiyə, N.Vəzirova, Ə.Haqverdiyevə, H.Mahmudbəyova, S.M.Qənizadəyə, B.Bədəlbəyova, N.Nərimanova, C.Zeynalova, M.Aliyevə, Səməd Mənsura, A.M.Şərifzadəyə, Ülvi Rəcəbə, Ü.Hacıbəyova, H.Sarabskiyə, Hrəblinskiyə, Sidqi Ruhullaya, H.A.Abbasova, Əzizə xanıma, Sona xanıma, C.Cabbarlıya, A.A.Tuqanova, Mərziyə xanıma, Kazım Ziyaya, Rza Təhmasibə, A.Gəraybəyliyə, R.Darablıya, İ.Hidayətzadəyə, M.Mərdanova, Ə.Ələkbərova, M.Kirmanşahlıya... və daha kimlərə... kimlərə... kimlərə... borcludur.

1933-1941-ci illər dövrü Azərbaycan teatrının tarixində yüksəliş və yaradıcılıq kamilliyi ilə seçildi.

1941-1952-ci illər dövründə isə Azərbaycan teatrı müharibənin vurduğu yaraları xalqla birlikdə yaşamalı oldu. S.Vurğun, Mehdi Hüseyn, M.İbrahimov, İ.Əfəndiyev öz pyeslərində yeni dövrün qəhrəmanlarının misilsiz obrazlarını yaratdılar.

...Sonrakı dövrlərdə Azərbaycan teatrı A.İsgəndərov, M.Haşımov, Ş.Bədəlbəyli, Z.Nemətov, M.Məmmədov, T.Kazımov, C.Səlimova, A.Kazımov, Azər Paşa Nemət, H.Atakişiyev, Vaqif İbrahimoğlu kimi görkəmli rejissorlar yetişdirməyə qadir oldu.

...Sonrakı dövrlərdə Azərbaycan teatrı eyni zamanda H.Qurbanova, B.Şəkinskaya, L.Bədirbəyli, Ş.Məmmədova, A.Pənahova, H.Turabov, F.Poladov və b. kimi görkəmli aktyorlar formalaşdırmağa nail oldu.

...Sonrakı dövrlərdə Azərbaycan səhnəsi ilə sıx yaradıcılıq ünsiyyəti sayəsində İ.Əfəndiyev... Ənvər Məmmədxanlı... Sabit Rəhman... Ş.Qurbanov... Anar... Elçin... Afaq Məsud... Əli Əmirli... Kamal Abdulla... kimi görkəmli dramaturqlar nəsli formalaşdı.

...Sonrakı dövrlərdə T.Salahov, T.Nərimanbəyov, E.Aslanov, E.Məmmədov, N.Bəykişiyev, T.Tahirov və b. kimi görkəmli teatr rəssamları yetişdi.

1973-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi böyük təntənə ilə qeyd olundu. Ulu öndər Heydər Əliyev bu yubileydə söylədiyi proqram xarakterli məruzəsində əlamətdar tarixə, möhtəşəm yüz ilə layiqli qiymət verməklə yanaşı, qarşıdan gələn mürəkkəb dövr üçün inkişaf istiqamətlərini də müdrikcəsinə müəyyən etdi.

Azərbaycan müstəqillik qazandı... Bu gün  26 dövlət teatrı, yeni prodüser mərkəzləri, “Üns” yaradıcılıq səhnəsinin fəaliyyət göstərdiyi ölkəmizdə “Mədəniyyət haqqında” Qanun (6 fevral, 1998), “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (29 dekabr, 2006), “Azərbaycan Teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam (2007-ci il) və ən ümdəsi, ölkə Prezidentinin “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı (2009) səmərəli yaradıcılıqla məşğul olmaq üçün hər cür şəraitin yaradılmasına yönələn dövlət dəstəyidir.

Hal-hazırda teatrlarımızda sözügedən Dövlət Proqramı çərçivəsində geniş miqyaslı işlər görülməkdədir. Demək olar ki, bütün teatr binalarında təmir-bərpa və yenidənqurma işləri aparılıb, binası olmayan teatrlar müasir binalarla təmin edilib, teatrların maddi-texniki bazaları modernləşdirilib,  xarici ölkələrə qastrol səfərləri intensivləşib, beynəlxalq teatr festivallarında Azərbaycan teatrının iştirakı artıb, Avropa mədəniyyətinə inteqrasiya prosesi sürətlənib, 13 dövlət teatrının nəzdində studiyalar işə başlayıb, zamanın tələblərinə uyğun repertuar formalaşıb, gənc sənətçilərə geniş yaradıcılıq üfüqləri açılıb, teatr Antologiyası hazırlanıb.

Bütün bu sadalananlar məhz ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin yürütdüyü teatr siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sağlam dövlətçilik fəaliyyətinin səmərəli bəhrələridir.

2010-cu ildə (12-30 noyabr) Bakıda birincə dəfə nüfuzlu A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” adlı mərhələsi reallaşdı. 2011-ci ildə ilk dəfə olaraq UNİMA-nın və Türksoy təşkilatının, eyni zamanda 19 ölkənin 21 teatrının qatıldığı Beynəlxalq Kukla Teatrları festivalı keçirildi. 2010-cu ildə “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” adlı I Bakı Beynəlxalq Teatr konfransı, 2012-ci ildə isə II Bakı Beynəlxalq Teatr Konfransı öz işini uğurla başa vurdu, qırxa yaxın xarici ölkənin teatr sənətini təmsil edən görkəmli sənətkarları bir araya gətirərək fikir və təcrübə mübadiləsinə geniş imkanlar yaratdı.

Bu gün Azərbaycan teatrı Beynəlxalq Teatr İnstitutu (BTİ), Uşaq və Gənclər Teatrlarının Beynəlxalq Assosiasiyası (ASSİTEJ), Musiqi Teatrların Beynəlxalq Assosiasiyası, Beynəlxalq Kukla Teatrlarının Assosiasiyası (UNİMA) və Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyası kimi beynəlxalq qurumlarda təmsil olunur.

Mədəniyyət və Turizm Nazirliyi teatr, kino, təsviri sənət və musiqi sahəsindəki nailiyyətləri dəyərləndirmək məqsədilə 7 nominasiya üzrə hər biri 5000 manat olan “Zirvə” mükafatını təsis edib.

Bəli, bu gün Azərbaycanın teatr prosesində baş verən müsbət dəyişiklikləri sadalamaqla bitmir.

Bəli, bu gün H.Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə həyata keçirilən möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanı zəngin mədəniyyət ocağı kimi dünyaya tanıtdırmaqdadır.

Bəli, Azərbaycan milli sənət təfəkkürü bütövlüklə təfəkkürün bütün növlərinə (intuitiv və praktikidən başlamış, ta nəzəri konseptual düşüncəyə qədər) malikdir. Bu gün teatr düşüncəsinin qarşısında bir sıra başqa problemlərlə yanaşı, teatrın “özünü dərk etməsi”ni təmin etmək vəzifəsi durur: Azərbaycan milli teatrı özünü subyekt kimi (milli mədəniyyət konteksində) anlamalı, düşüncə obyektilə identifikasiya (eyniləşmə) etməli, öz başlıca problemini (İdealını, poetikasını) mənimsəməli və bu problemə öz münasibətini müəyyən etməlidir.

Demək artıqdır ki, yeni tarixi şəraitdə bu vəzifələr ümummilli düşüncə problemləri ilə ayrılmaz vəhdət təşkil edir, çünki teatr düşüncəsinin problemləri etik, estetik, sakral və psixoloji problemlərin kəsişən nöqtəsində cəm olunaraq, öz sahəsində mühüm ontoliji (mahiyyət) və ekzistensional (varolma, mövcudluq) problemlərin dərkində və həllində güclü emosional yardımçı ola, xalqın yaradıcı enerjisini ali dəyərlərə istiqamətləndirə bilər. Və istiqamətləndirir də!

 

Məryəm Əlizadə,

Sənətşünaslıq doktoru, professor

 

525-ci qəzet.- 2013.- 22 iyun.- S.11.